"Gürcüstan 2008-ci il müharibəsinə görə rəsmən üzr istəyəcək" - Bidzina İvanişvili

09:30 16.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın keçmiş baş naziri, hakim “Gürcü Arzusu” Partiyasının qurucusu milyarder Bidzina İvanişvili ölkəsinin 2008-ci il müharibəsinə görə Cənubi Osetiya xalqından üzr istəyəcəyini açıqlayıb. İvanişvili həm də ölkənin pərdəarxası meneceri kimi tanınır və Gürcüstan siyasətində nüfuzlu şəxs hesab olunur.

Hafta.az-ın yazdığına görə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri kampaniyası çərçivəsində təşkil edilən mitinqdə çıxış edən İvanişvili “Milli Hərəkat xainlərinin 2008-ci ildə kənardan aldıqları əmrlə osetin qardaşlarımıza qarşı başlatdıqları müharibəyə görə üzr istəməyin fəzilətini göstərəcəyik" deyib.

Milli Hərəkat Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qurduğu və rəhbərlik etdiyi siyasi partiyadır. İvanişvili vurğulayıb ki, iki xalq arasında yaranmış düşmənçilik xristian inancının əsasını təşkil edən bağışlanma və həqiqi sülhlə başa çatacaq.

İvanişvili bir daha vurğulayıb ki, oktyabrda keçiriləcək parlament seçkilərində hakim partiya qalib gəlsə, 2008-ci ildə hərbi əməliyyatlara görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq.

İvanişvilinin bəyanatları Gürcüstanın Rusiya ilə mürəkkəb münasibətləri və ölkə daxilindəki siyasi dinamika kontekstində mühüm addım hesab olunur. İndiki hakimiyyət Qərblə münasibətlərdə ciddi problemlər yaşayır və Rusiya ilə balanslaşdırılmış siyasət aparır.

“Forbes”ə görə 4,9 milyard dollar sərvəti olan iş adamı və siyasətçi İvanişvili Gürcüstanın ən varlı adamı kimi tanınır və tez-tez ölkənin siyasi səhnəsində pərdə arxasından idarə etdiyi iddiaları ilə gündəmə gəlir. Hakim “Gürcü Arzusu” Partiyasının qurucusu və fəxri sədri olan İvanişvili 2012-2013-cü illərdə baş nazir vəzifəsində çalışıb, lakin sonradan rəsmi vəzifələrindən geri çəkilsə də, siyasi təsirini saxlamaqda davam edib.

Siyasət rubrikasından digər xəbərlər